KLUB HAQQINDA

TARİX

2024/2025

Cari mövsüm

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan komandamızın ilk rəqibi İsrailin köklü “Makkabi” (Hayfa) klubu oldu. İlk oyundan səfərdə güclü rəqibi önündə inamlı – 3:0 hesablı qələbə ilə ayrılan “Sabah” cavab matçı öncəsi böyük üstünlük əldə etdi. Cavab görüşünün əsas vaxtı 5:2 hesabıyla rəqibin xeyrinə başa çatdığından, matçda əlavə vaxt oynanıldı. Əlavə vaxtda komandalar hərəyə daha bir dəfə fərqləndiyindən, qalibin adına penaltilər seriyasında aydınlıq gəldi. Burada daha dəqiq oynayan komandamız güclü rəqibini mübarizədən kənarlaşdıraraq, ikinci dəfə qatıldığı avrokuboklarda ardıcıl ikinci dəfə mərhələ adlamağı bacardı. Bu, Azərbaycanın klub futbolu tarixində, avrokuboklarda penaltilərdə qazanılan ilk qələbə idi. Növbəti mərhələdə İrlandiyanın “Sent Patriks Atletik” klubu ilə qarşılaşan komandamız hər iki matçda məğlub olaraq (0:1, 0:1) Konfrans Liqasında mübarizəni dayandırdı.

2023/2024

Avrokuboklarda debüt

Komandamız ilk dəfə iştirak etdiyi UEFA Konfrans Liqasına uğurla start verərək, Latviyanın RFS klubunu mübarizədən kənarlaşdırdı. İlk oyunda səfərdə 2:0 hesabıyla qalib gələn “bayquşlar”, Masazırda, “Bank Respublika Arena”da keçirilən cavab görüşündə də üstün olaraq (2:1), avrokuboklarda ilk cəhddən mərhələ adlamağı bacardı. Növbəti – 3-cü təsnifat mərhələsində Serbiyanın köklü “Partizan” klubu ilə üz-üzə gələn “Sabah”, Masazırda keçirilən ilk oyunda inamlı qələbə qazandı – 2:0. Belqradda keçirilən cavab matçında eyni hesab, bu dəfə rəqibin xeyrinə oldu. Yalnız oyun sonrası penaltilər seriyasında məğlub olan komandamız mübarizəni dayandırdı. Yekunda, “Sabah” Avropa arenasında keçirdiyi ilk mövsümü 3 qələbə və 1 məğlubiyyətlə başa vurdu. Premyer Liqanın 2023/24 mövsümü də komandamız üçün uğurlu alındı. Gərgin keçən mövsümü 3-cü pillədə - bürünc medalla başa vuran “Sabah” tarixində ardıcıl ikinci dəfə avrokuboklara vəsiqə qazandı. Ölkə çempionatında mövsüm ərzində hərəyə 6 dəfə fərqlənən Anatoli Nuriyev və Davit Volkov komandamızın bombardiri oldular.

2022/2023

Tarixi mösüm

2022/23 mövsümü “Sabah” FK-nın tarixində yeni səhifə oldu. Ölkə çempionatında sərgilədiyi parlaq oyunla rəğbət toplayan komandamız mövsümü 81 xalla, 2-ci pillədə - gümüş medalla başa vurdu ki, bu da klubumuzun qazandığı ilk medal kimi tarixə düşdü. Komandamız, həmçinin tarixində ilk dəfə avrokuboklara – UEFA Konfrans Liqasına vəsiqə qazandı. 17 dəfə fərqlənən Coy Lens Mikels ardıcıl ikinci mövsümdə komandamızın ən məhsuldar futbolçusu oldu.

2021/2022

Eyni pillə, daha çox xal

“Sabah” 2021/22 mövsümündə də bir mövsüm öncəki nəticəni təkrarladı. Komandamız çempionatı bir mövsüm əvvəl olduğu kimi – 5-ci pillədə, lakin bu dəfə daha yüksək – 41 xalla başa vurdu. Komandamızın almaniyalı hücumçusu Coy Lens Mikels 2021/22 mövsümündə ən məhsuldar futbolçumuz oldu – 11 qol.

2020/2021

29 xalla 5-ci pillə

“Sabah” ölkə çempionatının 2020/21 mövsümünü 29 xalla 5-ci pillədə başa vurdu. Azərbaycan millisinin üzvü Ramil Şeydayev həmin mövsümdə komandamızın bombardiri oldu (6 qol).

2019/2020

Yekunlaşmayan mövsüm

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü 20 turdan sonra, COVİD-19 pandemiyası səbəbindən yarımçıq dayandırıldı. Çempionat dayandırıldığı zaman hesabında 21 xal olan “Sabah” turnir cədvəlidə 6-cı pillədə qərarlaşmışdı.

2018/2019

Premyer Liqada debüt

2018/19 mövsümü “Sabah” FK-nın Azərbaycan Premyer Liqasında debütü ilə əlamətdar oldu. Yüksək liqadakı ilk oyununda səfərdə “Keşlə” ilə qarşılaşan komandamız meydandan qələbə ilə ayrılıb - 1:0. Matçda yeganə qolumuza penaltidən Marko Deviç imza atdı. Bu matç klubumuzun tarixinə Premyer Liqadakı həm ilk qolumuz, həm də ilk qələbəmizlə düşdü. “Sabah” FK yüksək liqadakı debüt mövsümünü 7-ci pillədə başa vurdu. Təcrübəli hücumçu Marko Deviç (Ukrayna) 8 qolla 2018/19 mövsümündə komandamızın ən məhsuldar futbolçusu oldu.

2017/2018

İlk addımlar

“Sabah” Futbol Klubu 2017-ci il sentyabrın 8-də yaradılıb. 2017/18 mövsümündə Birinci Divizionda çıxış edən “Sabah” FK çempionatı 5-ci pillədə başa vurub. Klubumuz AFFA-nın lisenziyalaşdırma tələblərinə tam cavab verdiyindən, növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış etmək haqqı qazanıb.